Texnologiya dünyasında böyük maraq doğuran yeni iddialara görə, “Apple” 2027-ci ildə təqdim etməyi planlaşdırdığı “iPhone 20” modeli ilə smartfon dizaynında inqilabi dəyişikliklərə imza atmağa hazırlaşır.
Referans Media xəbər verir ki, məlumata əsasən, şirkət əfsanəvi ilk “iPhone”un 20 illiyini qeyd etmək məqsədilə xüsusi model üzərində işləyir. Bildirilir ki, “Apple” bu dəfə “iPhone 19” seriyasını buraxmadan birbaşa “iPhone 20”ni bazara təqdim edə bilər. Sızıntı mənbələrinin yaydığı məlumatda qeyd olunur ki, yeni model 1,1 millimetr qalınlığında yuvarlaq çərçivə ilə təchiz ediləcək. Bu çərçivə cihazın bütün kənarlarını əhatə edən “şəlalə” tipli əyri ekranı dəstəkləyəcək.
İddialara görə, “iPhone 20”də heç bir fiziki düymə və ekran üzərində kəsik olmayacaq. Şirkət tam şüşə panel görünüşü yaratmaq üçün ön kameranı və “Face ID” sistemini ekran altına yerləşdirməyi planlaşdırır. Hazırda ekran altı sensor texnologiyası ilə bağlı müəyyən çətinliklərin olduğu bildirilir. Bununla belə, “Apple”ın bu problemləri aradan qaldırmaq üçün təxminən 18 aylıq inkişaf müddətinə malik olduğu vurğulanır. Ekspertlərin fikrincə, şirkət kifayət qədər resurs ayıracağı təqdirdə, bu texnologiyaları uğurla tətbiq edərək “tam ekran” konsepsiyasını reallaşdıra bilər./sfera.az
